Azerbaijani Wikimedians User Group/Nizamnamə
“AZƏRBAYCAN VİKİMEDİA KÖNÜLLÜLƏRİ”
İCTİMAİ BİRLİYİNİN
NİZAMNAMƏSİ
Bakı, Azərbaycan
2017
1. Ümumi Müddəalar
edit1.1. "Azərbaycan Vikimedia Könüllüləri" İctimai Birliyi (bundan sonra “Birlik” adlandırılacaq) ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən qeyri-hökumət təşkilatıdır və fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir.
1.2. Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, "Qeyri-hökumət təşkilatları (ictimai birlik və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanunu, digər normativ-hüquqi aktlar və bu Nizamnamə əsasında həyata keçirir.
1.3. Birlik Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığı vaxtdan hüquqi şəxs statusu qazanır. Birliyin müstəqil balansı, üzərində adı yazılmış möhürü, ştampı, Azərbaycan Respublikasının banklarında hesablaşma hesabı və digər rekvizitləri vardır.
1.4. Birliyin hüquqi ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, XXXXXXXXXX.
2. Birliyin Məqsəd və Vəzifələri
edit2.1. Birliyin fəaliyyətinin əsas məqsədi ensiklopedik, maarifləndirici elm, məlumat və başqa biliklərin (bundan sonra "Bilik" adlandırılacaq) mənimsənilməsi, inkişafı, yığılması, saxlanılması (dəqiqləşdirilməsi, sistemləşdirilməsi) və bu biliklərdən yararlanmaqdır.
2.2. Birlik qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:
- müxtəlif dillərdəki ensiklopedik, təhsil, elmi, elmi-kütləvi əhəmiyyət kəsb edən biliklərin (bundan sonra “biliklər adlandırılacaq”) toplanmasına, qorunmasına, inkişaf etdirilməsinə və yayılmasına köməklik göstərmək;
- Biliklərə ictimai marağın yaradılması, stimullaşdırılması, inkişafı və yayılması;
- maddi və ya digər vəziyyətindən asılı olmayaraq, bütün vətəndaşların Biliklərdən yararlanması üsullarını dəstəkləmək, bu üsulları təşkil etmək;
- Azərbaycan xalqı tərəfindən yığılmış elm vasitəsilə beynəlxalq elektron layihələrdə Biliyin yaradılması, toplanması, inkişafı və yayılmasında yardımçı olmaq;
- informasiya və başqa texnologiyaların istifadəsi ilə biliklərin inkişafına töhfə vermək, insanların bu məlumata girişini təmin etmək;
- biliyin yaradılması, yığılması, inkişafı və yayılması üçün qanun və başqa normativ aktların hazırlanmasında yardımçı olmaq;
- yerli özünüidarəetmə, icra, qanunvericilik və məhkəmə hakimiyyətləri, yerli və beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərmək.
2.3. Bu Nizamnamədə nəzərdə tutulmuş vəzifələri həyata keçirmək üçün Birlik:
- xarici dövlətlərdə fəaliyyət göstərən müxtəlif qeyri-hökumət təşkilatları ilə əlaqə qurur və onlarla birlikdə layihələr həyata keçirir;
- elmi araşdırmalar aparır, müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir, konfranslar, xeyriyyə marafonları, forumlar, digər mədəni-kütləvi tədbirlər və s. tədbirlər keçirir;
- məqsədləri və fəaliyyəti barədə sərbəst məlumat yayır, qanunvericiliyə müvafiq qaydada mətbu nəşrlər təsis edir;
- birliyin hədəf və tapşırıqlarına uyğun olaraq dövlət və başqa orqanlara onların fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflər verir;
- qanunla qadağan olmayan digər fəaliyyət növlərini və formalarını, bu Nizamnamədən irəli gələn başqa vəzifələri həyata keçirir.
2.4. Birlik Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və bələdiyyələrin seçkisində iştirak edə bilməz, siyasi partiyalara maliyyə və başqa maddi yardım göstərə bilməz.
3. Birliyin Hüquqları
edit3.1. Birlik aşağıdakı hüquqlara malikdir:
- öz adından əqdlər bağlamaq, əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh kimi çıxış etmək;
- fəaliyyəti barədə məlumatı sərbəst yaymaq;
- Azərbaycan Respublikasının ərazisində və xaricdə filial və nümayəndəliklərini təsis etmək;
- Müxtəlif beynəlxalq qeyri-hökumət təşkilatlarına qoşulmaq, könüllülük prinsipi əsasında birləşmək, ittifaq yaratmaq, hüquqi şəxslərin ittifaqının yaradılmasında iştirak etmək, belə ittifaqlara qoşulmaq;
- banklarda hesablar açmaq və hesablaşmalar aparmaq;
- müstəqil balansa, möhürə, ştampa və digər rekvizitlərə malik olmaq;
- qanunvericiliklə qadağan edilməyən və nizamnamə məqsədlərinə uyğun olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;
- Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək.
4. Birliyin Əmlakı və Maliyyə Mənbələri
edit4.1. Birliyin mülkiyyətində binalar, qurğular, mənzillər, avadanlıqlar, inventarlar, pul vəsaitləri, səhmlər, digər qiymətli kağızlar və bu Nizamnamə ilə nəzərdə tutulmuş fəaliyyətin maddi təminatı üçün qanunvericilikdə qadağan olunmamış növlərdə əmlak ola bilər.
4.2. Birlik öz öhdəliklərinə görə əmlakı ilə cavabdehdir. Bu əmlak yalnız Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq özgəninkiləşdirilə bilər.
4.3. Birliyin əmlakının pul və digər şəkildə formalaşdırılması mənbələri aşağıdakılardır:
- təsisçilərin və ya Birlik üzvlərinin müntəzəm və ya birdəfəlik üzvlük haqları;
- idarə, müəssisə, yerli və beynəlxalq təşkilatların və vətəndaşların könüllü verdikləri əmlak haqları və ianələri;
- səhmlər, istiqrazlar, başqa qiymətli kağız və əmanətlərdən alınan dividentlər, gəlirlər;
- öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirləri;
- qrantlar;
- sərgilərdən, konsertlərdən və digər tədbirlərdən əldə olunan gəlirlər;
- təsis etdiyi müəssisələrin fəaliyyəti nəticəsində əldə olunan gəlirlər;
- qanunvericilikdə qadağan olunmamış digər mədaxillər.
4.4. Birliyin üzvləri onun mülkiyyətlərinə daxil olan ayrı-ayrı obyektlər üzərində xüsusi hüquqlara malik deyil.
4.5. Birlik Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada öz fəaliyyətinin məqsədlərinə və əmlakın təyinatına müvafiq olaraq öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququna malikdir.
4.6. Birliyin hesabına daxil olmuş məqsədli vəsait başqa istiqamətlərdə xərclənə bilməz.
4.7. Birlik siyasi partiyalara maliyyə və başqa maddi yardım göstərə bilməz.
4.8. Birlik qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə, statistik və sair hesabatlar tərtib edir və dövlət orqanlarına təqdim edir.
5. Birliyin Təsisçiləri və Üzvləri, Onların Hüquq və Vəzifələri
edit5.1. Birliyin təsisçiləri hüquqi şəxslər (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) və ya 18 yaşına çatmış fiziki şəxslər ola bilərlər.
5.2. Birliyin təsisçilər bərabər hüquqlara malikdirlər. Təsisçilərin qarşılıqlı münasibətləri, hüquq və vəzifələri qanunvericiliklə, yaxud onların arasında bağlanmış müqavilə ilə və ya bu Nizamnamə ilə müəyyən edilir.
5.3. Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola bilər. Birliyin təsisçiləri həm də Birliyin üzvləri hesab olunurlar.
5.4. Birliyə üzvlük İdarə Heyəti tərəfindən həyata keçirilir. Birliyin üzv olmaq istəyən şəxs İdarə Heyətinə ərizə ilə müraciət edir. Ərizəyə təqdim edildiyi gündən 1 ay müddətində baxılır və İdarə Heyəti üzvlərinin yarıdan çoxu müsbət münasibətini bildirdikdə, ərizəçi Birliyin üzvü qəbul edilir.
5.5. Birliyin üzvləri öz aralarında bərabər hüquqlu olub aşağıdakı hüquqlara malikdirlər:
- Bu Nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş qaydada təşkilatın idarəçiliyində iştirak etmək;
- Birliyin hər hansı seçkili, o cümlədən rəhbər orqanına seçmək və ya həmin orqanlarda təmsil olunmaq;
- Birliyin fəaliyyətində və təşkil etdiyi tədbirlərdə iştirak etmək;
- Birliyin rəhbər orqanlarının fəaliyyəti barədə məlumat almaq, fəaliyyətinə nəzarət etmək;
- Öz mənafelərinin müdafiəsinə kömək göstərilməsi üçün Birliyə müraciət etmək;
- Onun hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində şəxsən iştirak etmək, Birliyin müvafiq orqanlarına etirazını bildirmək və şikayət etmək.
5.6. Birliyin üzvü yalnız Birliyin müvafiq orqanları səlahiyyət verdikdə həmin orqanı təmsil edə və ya onun adından bəyanatla çıxış edə bilər.
5.7. Birliyin üzvləri aşağıdakı vəzifələri daşıyırlar:
- Birliyin Nizamnaməsinə əməl etmək;
- Birliyin seçkili orqanlarının qərarlarını yerinə yetirmək;
- Nizamnamə tələblərinə riayət etmək;
- Birliyin tədbirlərində iştirak etmək.
5.8. Birliyə üzvlük haqqının miqdarı Birliyin İdarə Heyəti tərəfindən müəyyən edilir.
5.9. Birliyə üzvlüyə aşağıdakı hallarda xitam verilir:
- Könüllü olaraq Birliyin üzvlüyündən çıxdıqda;
- Birliyin üzvlüyündən çıxarıldıqda.
5.10. Birliyin üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir:
- Birliyin adına ləkə gətirən hərəkətlərə yol verdikdə;
- Mütəmadi olaraq Birliyin işində iştirak etməkdən boyun qaçırdıqda;
- Nizamnamə məqsədlərinə zidd hərəkət etdikdə.
5.11. Üzvlükdən, təsisçilikdən çıxarılma İdarə Heyətinin qərarı ilə həyata keçirilə bilər.
5.12. Birlik üzvünün həmin qərardan Birliyin ali idarəetmə orqanına və məhkəməyə şikayət etmək hüququ vardır.
6. Birliyin Təşkilati Strukturu və İdarəetmə Orqanları
edit6.1. Birliyin ali orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi Yığıncaqdır.
6.2. Ümumi Yığıncaq Birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır.
6.3. Birliyin təsisçilərinə və üzvlərinə Yığıncağın yeri və vaxtı iki həftə əvvəl məlumat verilməlidir.
6.4. Ümumi Yığıncağın səlahiyyətinə aşağıdakılar aiddir:
- Birliyin Nizamnaməsinin qəbulu və ona dəyişikliklər edilməsi;
- Birliyin əmlakının formalaşması və istifadə prinsiplərinin müəyyən edilməsi;
- Birliyin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması;
- illik hesabatın təsdiq edilməsi;
- başqa təşkilatlarda iştirak;
- Birliyin yenidən təşkili və ləğv edilməsi;
- Birliyin icra orqanının rəhbərlərinin hesabatının dinlənilməsi.
6.5. Ümumi Yığıncaq yalnız Birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur.
6.6. Ümumi Yığıncaqda müzakirə olunan məsələlər haqqında qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir. Nizamnaməyə əlavə və dəyişikliklər edilməsi və təşkilatın yenidən təşkili və ləğvi barədə qərarın qəbulu üçün 2/3 səs çoxluğu tələb olunur.
6.7. Birliyin fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti həyata keçirir.
6.8. İcra orqanı Birliyin Sədrindən və digər 6 üzvdən ibarət olan İdarə Heyətidir.
6.9. İdarə Heyəti kollegial icra orqanı olub aşağıdakı səlahiyyətlərə malikdir:
- Birliyin üzvlüyünə qəbul edilir və üzvlükdən azad edilir;
- təkliflər və layihələr irəli sürür;
- Birliyin filiallarını yaradır və nümayəndəliklərini açır;
- Birliyin başqa idarəetmə orqanlarının müstəsna səlahiyyətlərinə aid edilməyən bütün məsələləri həll edir.
6.10. İdarə Heyəti üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli sayılır və qərarları sadə səs çoxluğu ilə qəbul edilir.
6.11. İdarə Heyətinin sədri və digər üzvləri Birliyin Ümumi Yığıncağı tərəfindən iki (2) il müddətinə seçilir.
6.12. Sədr:
- Birliyi təmsil edir, onun adından müqavilələr bağlayır, etibarnamələr verir, Ümumi Yığıncağın və İdarə Heyətinin qərarlarının icrasını təşkil edir;
- Ümumi Yığıncaq tərəfindən və Nizamnamə ilə onun üzərinə qoyulan digər funksiyaları həyata keçirir.
6.13. Birliyin Nəzarət-təftiş komissiyası (NTK) birliyin vəzifəli şəxslərinin və üzvlərinin fəaliyyətinin Nizamnaməyə uyğun olması, habelə Birliyin maliyyə fəaliyyəti üzərində nəzarəti həyata keçirilir. NTK üzvlərinin sayı Ümumi Yığıncaq tərəfindən müəyyən edilir. NTK-nın səlahiyyət müddəti 2 (iki) ildir. NTK Birliyin orqanlarından və üzvlərindən daxil olan müraciətlərə bir ay müddətində baxıb cavab verməlidir.
7. Birliyin Fəaliyyətinə Xitam Verilməsi
edit7.1. Birliyin fəaliyyətinə onun yenidən təşkil edilməsi (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) və ləğv edilməsi yolları ilə xitam verilir. Birliyin fəaliyyətinə xitam verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
7.2. Birliyin fəaliyyətinə xitam verilməsi haqqında qərara əsasən, ləğvetmə komissiyası yaradılır. Bu andan Birliyin idarəçiliyi ilə əlaqədar bütün səlahiyyətlər ona keçir. Ləğvetmə komissiyası ləğvetmə balansını tərtib edir. Birliyin ləğvi zamanı büdcə ilə hesablaşmalardan və kreditorların tələbləri ödənildikdən sonra qalan əmlak qanunvericiliklə müəyyən olunmuş qaydada Nizamnamə məqsədlərinə, bu mümkün olmadıqda isə xeyriyyə məqsədlərinə yönəldilir. Birliyin ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər qanunvericilik aktlarına əsasən həyata keçirilir.
8. Digər Şərtlər
edit8.1. Bu Nizamnamədə nəzərdə tutulmayan məsələlər qanunvericiliklə tənzimlənir.
8.2. Gələcəkdə bu Nizamnamənin müddəaları qanunvericiliklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin müddəaları tətbiq edilir.
8.3. Birliyin maliyyə ili qeydiyyata alındığı vaxtdan başlayır və həmin ilin 31 dekabrında başa çatır. Növbəti maliyyə illəri isə 1 yanvarda başlayır və dekabr ayının 31-dək olan dövrü əhatə edir.